Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu
ana dilimə dəymə!
Sənin də bağın
var, gülün var, çəkin,
Bağımda əkdiyim
gülümə dəymə!
Bu misraların müəllifi vətənini canından çox sevən böyük şairimiz Süleyman Rüstəmdir.
Süleyman Əliabbas oğlu Rüstəmzadə 1906-cı ildə Bakıda fəhlə ailəsində
dünyaya göz açmışdır. Onun qayğısız uşaqlıq illəri səfalı Novxanı bağlarında,
mavi Xəzərin sahilində keçmişdir. Babasının sehirli nağılları, xoş söhbətləri,
qüssəli mahnıları kiçik yaşlı Süleymanın qəlbində bir aləm yaratmışdır. Süleyman Rüstəmin ilk həyat məktəbi yoxsullar
aləmi idi. Yaşadığı məhəllədə demək olar ki, başdan-başa yoxsullar, fəhlələr məskən
salmışdı. Ona görə də onun bütün yaradıcılığı boyu fəhlə əməyinə qiymət, məhəbbət,
əməkçi insanlara hədsiz sevgi öz əksini tapmışdı. Süleyman Rüstəmin həyatı çətinliklər
və məhrumiyyətlərlə dolu olmuşdur. Lakin buna baxmayaraq o, çox böyük həvəslə
yazmış, yaratmış, daim yaradıcılıq axtarışında olmuşdur.
Qədim və zəngin tarixi olan Azərbaycanın ikiyə bölünməsi xalqımızın bədii
mədəniyyətinin milli-bəşəri və dünyəvi dəyərlər
əsasında zənginləşməsinə heç də əks-təsir göstərməyib. Ədəbi-tarixi ənənələrə
söykənən söz sənətimizdə yüksək mənəvi-əxlaqi dəyərlər, bədii-estetik ideyalar
yenə də ədəbiyyatımızın təsvir və təbliğ etdiyi mövzulara çevrildi.
Bu baxımdan Şimali Azərbaycanda yaranan ədəbiyyat o tay Azərbaycan həyatından bəhs edən əsərlərlə
daha da zənginləşmişdir. M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə,
C.Cabbarlı, M.S.Ordubadi, M.İbrahimov, S.Rəhimov və başqalarının
yaradıcılığında Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı, mübarizəsi,
həyat tərzi və s. məsələləri əks etdirən müxtəlif janrlı əsərlər böyük tarixi-ictimai, ədəbi-mədəni
və bəşəri əhəmiyyət kəsb edir. Bu baxımdan xalq şairi Süleyman Rüstəmin Cənub
mövzulu şeirləri diqqəti cəlb edir. Bu əsərlər sırasında "Təbrizim" şeiri
vətənpərvərlik duyğusunun vüsəti, vətəndaşlıq motivlərinin poetik-fəlsəfi ifadə
zənginliyi ilə daha kütləviləşmişdir.
Şeirdə qeyd edilir ki, şair Azərbaycanın qədim mədəniyyət ocağı olan
Təbrizi şəxsləndirib, ona canlı bir varlıq kimi müraciət edir. Bir qardaş kimi
onun bayramına qonaq gəldiyini bildirir. Burada duz-çörək, gül-çiçəklə
qarşılanması şairin qəlbini fərəh hissi ilə doldurur. Lakin bu görüş nə qədər fərəhli
olsa da, şairin ürəyini açmır. Başı dumanlı Təbrizin halı onu məyus edir. O,
ayrı düşmüş qardaş kimi qəmlidir, bu yurdun dərdləri ilə tanış olmaq istəyir. Təbrizin
düşdüyü vəziyyət şairin dərdlərini təzələyir, könlündə yeni duyğular baş
qaldırır. O, "şairlər yurdu", "saysız qəhrəmanlar" məskəni
olduğunu Təbrizə xatırladır, yolunda canını qurban vermiş igidləri yada salıb,
onu cəllada baş əyməməyə çağırır. Səttarxanın yolundan dönməmək üçün
"dalğalanmağın" və "alovlanmağın" zəruri olduğunu söyləyir.
"Söyüdlərin kölgəsində" "babalardan öyüdlər" dinləyənlərin
damarlarında coşan qan şairi fərəhləndirir. Şeirdə Təbrizin düşdüyü dözülməz
halı vermək üçün şair bədii suallardan, xitablardan məharətlə istifadə edir
Şair bütün şeirlərində təkrar etdiyi kimi, millətinin ikili taleyindən
nigaran idi. Süleyman Rüstəm bu birliyə qəlbən inansa da, o birlik gününü şəxsən
görəcəyinə şübhəli idi. Böyük şair ötən əsrin 50-ci illərində Cənub şeirlərini
toplayıb “İki sahil” kitabında çap etdirdi. fəqət dərin hiss, yüksək ilhamla
yazılmış bu şeirlərin bir kitabda toplanması ilə nisgil, intizar, hicran sona
çatmadı... Odur ki, şairin həsrəti, qəzəbi, inamı, ümidi sönmədi, yeni-yeni həm
kövrək, həm də qılınc kimi kəsərli şeirləri meydana çıxdı. Bu mübariz şeirlər Cənubda
çıxan mətbuatda dönə-dönə çap olundu, nəğməyə çevrilib dillərə düşdü. Bu gün də
Süleyman Rüstəm Cənubi Azərbaycanın azadlıq carçısı, ustad bir şair kimi xalq tərəfindən
sevilə-sevilə oxunmaqdadır. Bunu Süleyman bütün qəlbi ilə hiss edirdi; istər Təbrizdə,
istər Bakıda olsun, o, həmişə xalqının qəlbində idi
Süleyman Rüstəm nikbin şair idi. O, xalqının ən böyük dərdi olan Vətənin
bir gün birliyini görəcəyinə inanırdı və bu inamını da şeirlərində dönə-dönə tərənnüm
edirdi. Ancaq şair onu da yaxşı bilirdi ki, təbiətin əzəli və əbədi qanunları
var, onlar tez-gec həyata keçməlidir. Odur ki, təbiətən nikbin, deyib-gülən
şair bir gün bu fani dünyada olmayacağını da unutmurdu...
0 comments