4 Mart 2015 Çarşamba





Ustadlar ustadı Dədə Ələsgər 1821-ci ilin Novruz bayramı günlərində ulu Göyçə mahalının Ağkilsə kənində şair təbli Alməmməd kişinin ocağında dünyaya gəlmişdir.
Ələsgər bu ailənin ilk övladı olduğundan ata-anasına özü boyda da işıq, nur, sevinc bəxş etmişdi. Sonralar Alməmmədin daha üç oğlu və iki qızı anadan olmuşdur. Ailənin ilki Ələsgər doğulduğu kənddə - Kərbalayi Qurbanın yanında işləməyə başlayır. Bu iş onun həyatında yeni səhifələr açmışdır. O, Kərbalayinin yeganə övladı - qızı Səhnəbanuya aşiq olur. İllər ötür, lakin bu aşiqlik sevdası baş tutmur. Beş illik zəhmətdən sonra Ələsgər atasının yanına peşiman qayıdır.
Alməmməd kişi şeir ovqatlı olduğundan Ələsgərin şairlik qabiliyyətini hiss edir və ona daim təsir edir ki, o, bu istedadını bütünlüklə üzə çıxarsın. Ələsgərin sinədən deyilmiş şeirləri elə ilk deyimdəcə əzbərlənir və çox az zaman içərisində eldən-elə, obadan-obaya yayılır. Atasının aldığı saz da Ələsgərin döşünə tez yatır, barmaqlarına təslim olur. Alməmməd kişi oğlunu o mahalda ad-sanıyla tanınan Qızılvəngli ustad Aşıq Alıya şəyird verir. Ələsgər ustaya beş il qulluq etdikdən sonra ustadının razılığıylı müstəqil aşıqlığa başlayır. Ustad yanından ayrılanda Aşıq Ələsgər artıq saz-söz bilicisi kimi sevilirdi, tanınırdı. O zamanlar Göyçədə el-oba, toy şənliklərindən savayı aşıqların deyişmə məclisləri, dastan söyləmə gecələri də keçirilərmiş. Ustadlar belə məclislərdə meydan sulayarmışlar. Deyilənlərə, yazılanlara görə, Ələsgər ustadı Aşıq Alını belə məclislərin birində bağlayır. Lakin hələ ustadının yanında sazın sirli-sehrli dünyasına bələd olunca, klassik aşıq poeziyasını, saz havalarını öyrəndikcə, mərifət, ədəb-ərkan elminə, ustada hörmət-izzət dərsinə də yiyələnmişdi. Bunu xatırlamaqda məqsədim odur ki, o, ustadı Aşıq Alını özünü təsdiq etmək üçün bağlamayıb. Əvvəla, bu deyişmə ustadların deyişmə məclisində aşıqların təklifi ilə olub, ikincisi də arada-bərədə gəzən söz-söhbətlər (guya Aşıq Ələsgər Aşıq Alını daha bəyənmədiyi deyirmiş) Aşıq Alını bu görüşə təhrik edib. Göyçənin Qızılbulaq kəndində qurulmuş aşıqlar məclisində onlar üz-üzə gəlir. Bir neçə şeirləşmədən sonra Aşıq Ələsgər "A yağa-yağa" dodaqdəyməz təcnisini deyir. Ustad məğlub olur, cavab tapa bilmir. Ancaq Aşıq Ələsgər bu hadisədən qürrələnmir, əksinə-

Bir şəyird ki, ustadına kəm baxar,
Onun gözlərinə ağ damar, damar.

- deyən ustadından üzr istəyib, bədahətən bir xeyli şeir söyləyib, məclisin ab-havasını təzələyir.
Aşıq Ələsgərin səsi-sorağı beləcə hər yana çaparsız-filansız yayılır. "Haqq aşığı", "Haqq vergili aşıq" kimi Gəncəyə, Qarabağa, İrəvana, Naxçıvana, Qazağa, Borçalıya, Şınıxa … toy məclislərinə, dastan gecələrinə dəvətlər alır. Ustad aşıq kimi - tanınmış insanlar övladlarını ona şəyird verirlər. Aşıq Ələsgər isə hər qarı açanı şəyird götürməzmiş – qabiliyyətinə, fəhminə, mərifətinə, ədəb-ərkanına qiymət verib seçərmiş. Aşıq Ələsgər məşhur el sənətkarı olsa da ilk eşqi sinəsində düyünlənib qalır. Nəhayət, 41 yaşında o, Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənir. Böyük bir ailənin başçısına çevrilir. Onun övladları da eldə-obada ədəb-ərkanları ilə sayılıb-seçilən olurlar.“Qeyri-adi istedadı, zəngin biliyi olan Ələsgər həm də mahir ifaçı aşıq olub. Sazı sol əliylə çalarmış. Ağır duruşu, şirin nəfəsi, məlahətli səsi varmış. Aşıq Ələsgər yaradıcılığında gözəlləri vəsf eləmək, onların şəninə söz demək xüsusi yer tutur. Bu misralar o qədər gözəl, səmimi, axıcı, şeiriyyət o qədər güclüdür ki, oxucu onu bir nəfəsə içinə çəkir. Gözəllərə üz tutub yazdığı şeirlərini oxuduqca sanki öz-özünə musiqi səslənir. Təsadüfi deyil ki, aşıqların sazla ifasından başqa bəstəkarlar da onun yaradıcılığına üz tutmuşlar. Tanınmış bəstəkar Hacı Xanməmmədovun bir silsilə mahnılarını yada salmaq yerinə düşər. "Sarıköynək", "Güləndam", "Güllü", "Keçdi", "Üzün məndən niyə döndü", "Ceyran", "Xoş gəldin", "Telli", "Dolansın", "Dolana", "Düşdü", "Salatın", "Dağlar" və s. qoşma və gəraylılarına yazılan mahnılar könlü xalq musiqisinə məlhəm insanların zümzüməsindən əskik olmur. Aşıq Ələsgər yaşadığı bir əsrdən artıq ömründə erməni zülmüylə də çox rastlaşmışdı. 1918-ci ildə ermənilər növbəti dəfə yenidən hücumlara, talanlara, yanğınlara başlayıblar. Əhalini qorxudub kəndlərdən çıxarmaq üçün igid-igid oğlanlara zülm verərək öldürüblər. Belə bir dövrdə bütün kənd əhli kimi Ələsgər də öz ailəsini qonşu Kəlbəcərin Qanlıkəndində yerləşdirir. Artıq yaşı yüzü haqlamış aşıq Allahdan möhnət-ömür möhnəti istəyir. Yurdunda - doğulduğu kəndində torpağa qovuşmaq istəyini Allah qəbul edir. 1921-ci ailəsi ilə birgə doğulduğu Agkilsə kəndinə qayıdır. Bir il sonra arvadı Anaxanım ana, 1926-cı ildə isə özü dünyasını dəyişir. 105 yaşlı Dədə Ələsgər Ağkilsə qəbiristanlığında dəfn olunur.

Kateqoriya

5 yorum: